Leitender Oberarzt · Lausitzer Seenland Klinikum (Sana) Bakıda qəbul: Badam Medical Center

Dr. Rüfət Əsədbəyli Uroloq · Androloq · Uroonkoloq

Əlçatanlıq

Mətn ölçüsü 100%
Əlçatanlıq bəyanatı

Sidik kisəsi

Sidik kisəsi böyrəklərdən gələn sidiyi toplayan və vaxtı çatanda boşaldan əzələli orqandır. Onunla bağlı şikayətlər — yanma, tez-tez sidiyə getmə, qəfil çağırış, sidikdə qan — çox vaxt yalnız «sadə sistit» kimi qəbul edilir, halbuki arxasında fərqli səbəblər dayana bilər. Sidikdə qan isə urologiyada ən ciddi simptomlardan biri sayılır və ağrı olmadan görünürsə, daha da diqqət tələb edir. Bu səhifədə sistit və xroniki infeksiya, hiperaktiv və ağrılı sidik kisəsi sindromları, sidikdə qan və sidik kisəsi şişləri barədə ətraflı izahlar toplanıb.

Əlamətlər

  • Tez-tez sidiyə getmə və gecə bir neçə dəfə oyanma
  • Sidiyə gedərkən ağrı və ya yanma
  • Qəfil, saxlanılması çətin olan sidik çağırışı
  • Sidikdə qan — tünd, qırmızı və ya çay rəngli sidik
  • Qasıq və qasıqüstü nahiyədə ağrı və ya təzyiq hissi
  • Sidiyə çağırışa baxmayaraq az miqdarda sidik ifrazı
  • Sidik kisəsinin tam boşalmaması hissi
  • Sidik kisəsi dolduqca artan, boşaldıqdan sonra azalan ağrı

Nə vaxt uroloqa müraciət etməli?

  • Sidikdə bir dəfə də olsa qan görünübsə — ağrı olmasa belə; sidik analizində mikroskopik qan izi tapılıbsa da
  • Sistit əlamətləri bir neçə gün ərzində keçmirsə və ya il ərzində təkrar-təkrar qayıdırsa
  • Tez-tez və təcili sidiyə getmə yuxuya, işə, sosial və cinsi həyata təsir edirsə
  • Sidik kisəsi nahiyəsində xroniki ağrı və təzyiq var, lakin sidik kulturasında infeksiya tapılmırsa
  • Hamiləlik dövründə sidik yolu infeksiyası əlamətləri yaranıbsa
  • Sidik saxlama dərmanları yan təsir verirsə — dərmanı özbaşına dayandırmazdan əvvəl

Mövzular

Sidikdə qan ümumiyyətlə çox qorxulu simptomlardan biridir; ağrı və başqa şikayət olmadıqda isə daha da qorxulu sayılır. Belə halda geniş müayinəyə ehtiyac olur: sistoskopiya, kompüter tomoqrafiya, sistoskopiya zamanı isə hətta retroqrad uroqrafiya — kontrast maddə yeridilərək sidik yollarının görüntülənməsi. Bu müayinələrlə sidik yollarındakı patologiya aşkar edilir və ya istisna olunur.

Belə halda geniş müayinə mütləq vacibdir, çünki bu, çox önəmli simptomdur. Ağrının olmaması arxayınlıq üçün səbəb deyil — əksinə, müayinəni gecikdirməmək üçün səbəbdir.

Sistoskopiya invaziv müayinədir: qısa müddətli yanma, sidikdə az miqdarda qan və infeksiya riski ola bilər; kontrastlı görüntüləmə üçün böyrək funksiyası və allergiya tarixçəsi əvvəlcədən qiymətləndirilir.

Sidikdə qanla birlikdə başqa şikayətin olub-olmaması çox vacibdir: sidiyə gedərkən yanma, yan və bel ağrısı, qasıqda ağrı, yüksək hərarət, ürəkbulanma və qusma. Belə hallarda ilk növbədə sistit, böyrək iltihabı, daş xəstəliyi, prostat böyüməsi və ya prostat xərçəngi düşünülür; lakin böyrək və sidik kisəsi şişi ehtimalı da unudulmamalıdır.

Sidikdə qanla yanaşı böyrək sancısına bənzər ağrının olması həmişə daş demək deyil: qanaxma verən böyrək şişində qan laxtaları sidik axarını tıxayaraq sancı tipli ağrıya səbəb ola bilər. Buna görə sidikdə qan olubsa, yalnız daş ehtimalı ilə kifayətlənmədən həkim müayinəsindən keçmək lazımdır. Bununla belə, böyrək xərçəngi çox vaxt heç bir şikayət vermədən, başqa səbəbə görə aparılan müayinə zamanı təsadüfən aşkarlanır.

Sidik analizində gözlə görünməyən (mikroskopik) qan izi də ciddi xəstəliyin ilk işarəsi ola bilər. Ona görə sidikdə və ya analizdə bir dəfə də olsa qan görünübsə, uroloqla məsləhətləşmək lazımdır.

Gözlə görünən qan hər zaman tam müayinə tələb edir — ağrısız və birdəfəlik olsa belə, yaşdan asılı olmayaraq. Ultrasəs normal çıxsa da, sistoskopiya və yuxarı sidik yollarının görüntülənməsi (KT-uroqrafiya) tələb oluna bilər.

Sidik kisəsi xərçəngi özünü çox vaxt sidikdə qanla göstərir — adətən ağrısız, qırmızıya çalan sidik şəklində. İlkin qiymətləndirmədə sidik analizi və ultrasəs müayinəsi aparılır; bu sadə addımlar müayinənin başlanğıcıdır.

Lakin yalnız ultrasəs və sidik analizi ilə sidik kisəsi xərçəngini istisna etmək mümkün deyil: kiçik və yastı şişlər, eləcə də yuxarı sidik yollarının şişləri ultrasəsdə görünməyə bilər. Gözlə görünən qan olubsa, ultrasəs normal çıxsa belə, sidik kisəsinin daxildən kamera ilə baxılması (sistoskopiya) və görüntüləmə tələb oluna bilər.

Sidikdə qanla yanaşı qasıq və qasıqüstü nahiyədə ağrı, tez-tez və ya təcili sidiyə getmə, sidikdə qan laxtaları, bel ağrısı, ümumi halsızlıq və səbəbsiz arıqlama da yarana bilər. Şiş başqa orqanlara yayıldıqda (metastaz) həmin orqana uyğun əlamətlər — məsələn, ağciyərə yayılmada öskürək və ya qanlı bəlğəm — ortaya çıxa bilər.

Xəstəliyin dərəcəsi və mərhələsi diaqnostik müayinələrlə müəyyən edilir və müalicə buna uyğun seçilir. Şiş sidik kisəsinin əzələ qatına keçməyibsə, sistoskopiya ilə icra olunan transuretral rezeksiya (TUR) — yəni şişli sahənin kanaldan daxil olmaqla kəsiksiz çıxarılması — mümkündür; risk qrupundan asılı olaraq TUR-dan sonra sidik kisəsinə dərman yeridilməsi (instillyasiya) də tətbiq oluna bilər. Şiş əzələ qatına keçibsə, adətən radikal sistektomiya (sidik kisəsinin tam çıxarılması) kimi daha geniş həcmli müalicə tələb olunur; bəzi hallarda əməliyyatdan əvvəl kimyaterapiya və ya seçilmiş xəstələrdə sidik kisəsini qoruyan birləşdirilmiş müalicə müzakirə edilir.

TUR-dan sonra şişin təkrarlanma ehtimalı olduğundan müntəzəm nəzarət sistoskopiyaları lazımdır. Radikal sistektomiya böyük əməliyyatdır: sidiyin xaric olma yolu yenidən qurulur, bərpa dövrü uzundur və hər xəstə üçün uyğun deyil — qərar ümumi vəziyyət, yanaşı xəstəliklər və xəstənin öz seçimi nəzərə alınaraq verilir.

Müalicə başa çatdıqdan sonra müntəzəm nəzarət və həyat tərzi eyni dərəcədə vacibdir: həkimin təyin etdiyi qrafiklə müntəzəm müayinə, siqaretdən imtina, çəki balansının qorunması, həkimin məsləhəti əsasında pəhriz və fiziki fəaliyyət proqramı, təbii tərkibli qidalara üstünlük.

Siqaret sidik kisəsi xərçəngi üçün əsas risk amillərindən biridir, buna görə ondan imtina xüsusilə vacibdir. Nəzarət müayinələri xəstəliyin təkrarını və ya yeni dəyişikliyi erkən mərhələdə aşkar etməyə imkan yaradır: TUR-dan sonra nəzarət sistoskopiyalarının, radikal sistektomiyadan sonra isə görüntüləmə və analizlərin tezliyi müalicə edən həkim tərəfindən fərdi müəyyən edilir.

Həyat tərzi dəyişiklikləri riskin azaldılmasına kömək edə bilər, lakin nəzarət müayinələrini əvəz etmir. Nəzarət dövründə sidikdə yenidən qan görünərsə, növbəti planlı müayinəni gözləmədən həkimə müraciət edin.

Sidik yolu infeksiyası yarananda onun öz-özünə keçməsini gözləmək düzgün deyil. Müalicəsiz qaldıqda infeksiya yuxarı — böyrəklərə — yayıla bilər və böyrəklərdə qalıcı zədə riski yaranır. Hamilə qadınlarda müalicə olunmamış infeksiya vaxtından əvvəl doğuşa səbəb ola bilər; xroniki xəstəliyi olan insanlarda isə gedişat daha ağır ola bilər.

İnfeksiya irəliləyibsə, uzun müddətli antibiotik müalicəsi tələb oluna bilər. Antibiotik yalnız həkim təyinatı ilə və kursun sonuna qədər qəbul edilməlidir — yarımçıq qalan və özbaşına seçilən antibiotik müalicəsi davamlı mikrobların yaranmasına və infeksiyanın xroniki formaya keçməsinə şərait yaradır.

Bakteriyalar normalda cinsiyyət orqanları və anus ətrafında yaşayır. Bəzən onlar sidik kanalı ilə yuxarı qalxıb sidik kisəsinə çatır. Qadınlarda sidik kanalı qısa olduğu üçün bu yol daha asan keçilir — sistitin qadınlarda daha çox rast gəlinməsinin səbəbi budur. Adətən bakteriyalar sidiklə yuyulub xaric olur; daxil olan bakteriya xaric olandan çox olduqda və ya immun sistem zəiflədikdə isə sidik kisəsində, sonra böyrəklərdə iltihab yarana bilər.

Şərait yaradan amillər: cinsi əlaqə, cinsiyyət orqanlarının gigiyenasına kifayət qədər diqqət yetirilməməsi, sidiyi uzun müddət saxlamaq, sidik yollarını daraldan xəstəliklər və menopauza dövründə estrogen səviyyəsinin aşağı düşməsi. Müalicə və profilaktika tədbirləri hər xəstə üçün fərdi seçilir; vaxtında və düzgün aparılan müalicə xroniki formanın yaranmasının qarşısını almağa kömək edə bilər.

Xroniki sidik yolu infeksiyası qadınlarda çox rast gəlinən problemdir. Bəzən uşaq yaşlarından orqanizmdə yerləşir və yetkinlikdə zaman-zaman kəskinləşir; antibiotiklərlə müalicə edilməyə çalışılsa da, illərlə davam edə bilir. Əlamətləri: tez-tez sidiyə getmə, sidiyə gedərkən ağrı və ya yanma, hərarət, yorğunluq, tünd və ya qırmızı rəngli sidik, aşağı qarın və yan nahiyədə ağrı, ürəkbulanma, sidiyə çağırışa baxmayaraq az miqdarda sidik.

Bu vəziyyətdə adi analizlərlə kifayətlənmək çox vaxt yetərli olmur. Düzgün diaqnoz üçün sistoskopiya və xüsusi fazalarla icra olunan kompüter tomoqrafiya tələb oluna bilər — məqsəd infeksiyanı saxlayan səbəbi (daş, darlıq, qalıq sidik, reflüks) tapmaqdır.

Müalicə müddətinə gəlincə, kəskin xəstəliklər və sindromlar qısa müddətdə müalicə oluna bilər, xroniki xəstəliklərdə isə bəzən bir neçə kurs tələb olunur. Burada səbr vacibdir — səbr olmadan müalicə effekt verməyəcək.

Nəticə hər xəstədə fərqlidir və müalicə kursları fərdi planlanır; sistoskopiya və kontrastlı tomoqrafiya kimi müayinələrin öz məhdudiyyətləri və riskləri var — onlara ehtiyac həkim tərəfindən müəyyən edilir.

Qəfil, saxlanılması çətin olan sidik çağırışı, tez-tez sidiyə getmə və gecə oyanmalarla gedən sindromdur. Davamlı tualetə getmək ehtiyacı sosial həyata, gündəlik plana, yuxuya və cinsi həyata mənfi təsir göstərə bilər. Müalicəyə başlamazdan əvvəl eyni şikayəti verən digər səbəblər — infeksiya, daş, şiş — mütləq istisna edilməlidir.

Kişilərdə irəli yaşlarda hiperaktiv sidik kisəsi prostat vəzinin böyüməsi ilə birlikdə yarana bilər; buna görə bu yaşlarda prostat müayinəsi vacibdir. Müalicə konservativ (davranış tədbirləri, dərman) və ya cərrahi ola bilər — bunu mütəxəssis şikayətin səbəbinə və xəstənin ümumi vəziyyətinə görə müəyyən edir.

Dərman müalicəsinin yan təsirləri (ağız quruluğu, qəbizlik, yaşlılarda idrak dəyişiklikləri) və əks-göstərişləri var; heç bir üsul hamı üçün uyğun deyil.

Əsasən qadınlarda müşahidə olunan, sidik kisəsi nahiyəsində xroniki ağrı, təzyiq və bəzən çanaq ağrıları ilə gedən vəziyyətdir. Ağrı sidik kisəsi dolduqca artır, boşaldıqdan sonra azalır. Əlamətlər sidik yolu infeksiyasına bənzəsə də, sidik kulturasında adətən infeksiya təsdiq edilmir — məhz kultura mənfi olduğu halda şikayətlərin davam etməsi bu diaqnozu düşündürür.

İnterstisial sistitdə sadə müalicələr çox vaxt kifayət etmir və müalicə hər xəstə üçün fərqlidir; tez nəticə gözləmək düzgün deyil. Şikayətlər təkrarlanırsa və ya keçmirsə, bu sahədə təcrübəsi olan mütəxəssisə müraciət etmək lazımdır.

Diaqnoz istisna yolu ilə qoyulur — infeksiya, daş və şiş əvvəlcədən istisna edilməlidir. Müalicənin effekti fərdi olaraq dəyişir.

Urologiyada geniş istifadə olunan prostat və sidik qaçırma dərmanları bəzi dərmanlarla — steroidlər, ürək və antiaritmik dərmanlarla — birgə qəbul edildikdə əks təsirlərə yol aça bilər; yaşlı xəstələrdə bu birləşmə yaddaş və idrak funksiyasının zəifləməsinə töhfə verə bilər. Antixolinergik dərmanlar göz təzyiqi (qlaukoma) olan xəstələrdə əks-göstərişdir.

Sidik qaçırma yalnız yaşla bağlı deyil: sidik yolu infeksiyası, nəzarətsiz şəkərli diabet, qadınlarda atrofik vaginit, psixi vəziyyət və qəbul edilən digər dərmanlar da səbəb ola bilər. Ona görə təyinatdan əvvəl xəstənin yaşı, yanaşı xəstəlikləri və bütün dərman siyahısı mütləq qiymətləndirilməlidir.

Təyin olunmuş dərmanı həkimlə məsləhətləşmədən dayandırmayın və dozasını dəyişməyin; yan təsir hiss edirsinizsə, müalicə edən həkimə bildirin.

Bütün xəstəlikləri aşkar edən universal müayinə üsulu yoxdur — hər xəstəliyin öz xüsusi müayinəsi var. Sidik kisəsinin neyrogen disfunksiyasında nə MRT, nə KT, nə də ultrasəs müayinəsi diaqnoz qoya bilər; belə hallarda urodinamik müayinəyə ehtiyac olur.

Sidikdə qan olduqda isə geniş müayinə üsullarına müraciət olunur: KT və MRT ilə yanaşı sistoskopiya da aparılır — kamera ilə sidik kisəsinə daxil olaraq orada törəmə, daş və ya iltihab olub-olmadığına baxılır. Əsas prinsip budur: lazım olan-olmayan bütün müayinələrdən keçmək əvəzinə, şikayətə uyğun konkret müayinə seçilməlidir.

Görüntüləmə üsulları (ultrasəs, KT, MRT) sidik yollarının quruluşunu göstərir; sidik kisəsinin işini (funksiyasını) isə urodinamik müayinə qiymətləndirir. Urodinamik müayinə kateter tələb edir və qısa müddətli diskomfort verə bilər.

Sidikdə qan və ya zülalın mənbəyi sidik kisəsi deyil, böyrək süzgəcləri də ola bilər — məsələn, qlomerulonefritdə. Bu, uroloji deyil, nefroloji xəstəlikdir: uroloji müayinədə sidik yollarında səbəb tapılmadıqda və analizdə böyrək mənşəli dəyişikliklər görünürsə, xəstə nefroloqa yönləndirilir.

Son yenilənmə:

Risklər və məhdudiyyətlər

  • Sistoskopiya invaziv müayinədir: qısa müddətli yanma, sidikdə az miqdarda qan və infeksiya riski ola bilər.
  • Transuretral rezeksiyadan (TUR) sonra qanaxma və şişin təkrarlanma ehtimalı var; müntəzəm nəzarət sistoskopiyaları tələb olunur.
  • Radikal sistektomiya böyük əməliyyatdır — anesteziya, qanaxma və infeksiya riskləri, uzun bərpa dövrü və sidik ifrazı yolunun yenidən qurulması ilə gedir.
  • Sidik saxlama (antixolinergik) dərmanları ağız quruluğu və qəbizlik verə bilər, qlaukomada əks-göstərişdir və yaşlılarda idrak funksiyasına təsir edə bilər.
  • Həkim təyinatı olmadan və yarımçıq qəbul edilən antibiotiklər davamlı mikroblar yaradır və infeksiyanı xroniki formaya keçirə bilər.
  • İnterstisial sistit və xroniki infeksiyada müalicə fərdi olur, bir neçə kurs tələb edə bilər və nəticə hər xəstədə eyni deyil.

Təcili hallar — gözləmədən həkimə müraciət edin

  • Sidikdə laxtalı qan və ya sidiyin tamamilə qırmızı olması
  • Sidiyin tamamilə kəsilməsi — sidiyə getmək istəyi var, lakin sidik gəlmir (kəskin sidik ləngiməsi)
  • Yüksək hərarət və titrətmə ilə birlikdə bel və ya böyrək nahiyəsində ağrı — infeksiyanın böyrəyə yayılması ehtimalı
  • Sidik infeksiyası əlamətləri ilə birlikdə ürəkbulanma, qusma və ümumi vəziyyətin sürətlə pisləşməsi
  • Hamiləlikdə hərarətlə müşayiət olunan sidik yolu infeksiyası

Qəbula hazırlıq

  • Qəbula sidik kisəsi dolu — heç olmasa yarımçıq dolu — halda gəlin: sidik kisəsində törəmə və ya reflüks adlanan xəstəlik olduqda dolu sidik kisəsi diaqnozun düzgün qoyulmasına kömək edə bilər.
  • Uroloji qəbul üçün acqarına gəlmək əksər hallarda tələb olunmur.
  • Əvvəlki sidik analizləri, ultrasəs və KT nəticələri, reseptlər və hazırda qəbul etdiyiniz bütün dərmanların siyahısını özünüzlə gətirin.
  • Antibiotik qəbuluna başlamısınızsa, sidik kulturası nəticəsi dəyişə bilər — bunu həkimə əvvəlcədən bildirin.

Birbaşa əlaqə

Fərdi diaqnoz və müalicə planı yalnız müayinədən sonra müəyyən edilir. Qəbul üçün telefon və ya WhatsApp ilə əlaqə saxlayın.

Birbaşa əlaqə Sual-cavab Məqalələr