Leitender Oberarzt · Lausitzer Seenland Klinikum (Sana) Bakıda qəbul: Badam Medical Center

Dr. Rüfət Əsədbəyli Uroloq · Androloq · Uroonkoloq

Əlçatanlıq

Mətn ölçüsü 100%
Əlçatanlıq bəyanatı

Prostat

Prostat kişilərdə sidik kisəsinin altında yerləşən və sidik kanalının başlanğıc hissəsini əhatə edən vəzidir. Hər kişidə prostat var — şikayət yaradan orqanın özü deyil, onun iltihabı (prostatit), xoşxassəli böyüməsi (adenoma) və ya xərçəngidir. Bu səhifə həmin üç xəstəlik qrupunun əlamətlərini, müayinə üsullarını və müalicə seçimlərini əhatə edir. Vacib məqam: prostatın ölçüsü ilə şikayətin ağırlığı həmişə üst-üstə düşmür — kiçik prostat ağır şikayət verə bilər, böyük prostat isə heç bir şikayət verməyə bilər.

Əlamətlər

  • Sidik axınının zəifləməsi və ya kəsik-kəsik gəlməsi
  • Sidiyə başlamaqda ləngimə, sonda damcılama
  • Gecə vaxtı dəfələrlə sidiyə qalxmaq
  • Sidik kisəsinin tam boşalmaması hissi (qalıq sidik)
  • Sidiyə gedərkən yanma
  • Aralıq (xaya arxası) nahiyəsində ağrı və ya narahatlıq
  • Kəskin prostatitdə hərarət və halsızlıq
  • Prostat xərçəngi erkən mərhələdə çox vaxt heç bir əlamət vermir

Nə vaxt uroloqa müraciət etməli?

  • Sidik şikayətləri bir neçə həftədən çox davam edirsə və ya gündəlik həyata, yuxuya təsir edirsə.
  • Sidiyə gedərkən yanma və ya aralıq ağrısı hərarətlə birlikdə olarsa — kəskin prostatit və ya abses istisna edilməlidir.
  • Sidikdə gözlə görünən qan — ağrı olmasa belə, bir dəfə olsa belə — həmişə müayinə tələb edir; ultrasəs normal çıxsa da, sistoskopiya və görüntüləmə lazım ola bilər.
  • PSA analizi yüksək çıxıbsa — özbaşına nəticə çıxarmadan uroloqa müraciət edin; PSA-nı iltihab, infeksiya və müayinənin özü də qaldıra bilər.
  • 50 yaşdan sonra şikayət olmasa belə, prostat xərçənginin erkən aşkarlanması barədə həkimlə birgə qərar vermək üçün məsləhətləşmə tövsiyə olunur.
  • Aptekdə və ya internetdə reklam olunan «prostat dərmanları» ilə özünümüalicə nəticə vermirsə.

Mövzular

Hər kişidə prostat var — bu, orqandır; lakin prostatla bağlı şikayətlər ola bilər. Buna görə «məndə prostat var» ifadəsi əslində şikayəti izah etmir — şikayətin nədən ibarət olduğunu dəqiq demək lazımdır.

Əksər hallarda obstruktiv şikayətlər olur: sidiyin zəif gəlməsi, gecə sidiyə qalxmaq, sidik ləngiməsi — sidiyə çağırış olur, lakin sidik ləngiyərək gəlir. Bəzən sidik kisəsini boşaltdıqdan dərhal və ya beş dəqiqə sonra onun tam boşalmadığı hissi yaranır; buna qalıq sidik sindromu deyilir.

Başqa şikayətlər də olur: sidiyə gedərkən yanma, aralıq nahiyəsində — xaya arxasında — ağrı. Belə şikayətlər prostatitə və ya prostatda irinləməyə — absesə — uyğun ola bilər. Hətta adi barmaq müayinəsi diaqnozu dəqiqləşdirə bilər: bu, kəskin prostatitdir, prostat adenomasıdır, yoxsa prostat xərçəngi.

Prostat şikayətlərində bunları dəqiqləşdirmək lazımdır: hansı şikayətlər var, nə vaxtdan başlayıb, kəskin dövrdədir, yoxsa aylardır davam edir. Bu amillər çox əhəmiyyətlidir.

Barmaq müayinəsi istiqamət verir, lakin yekun diaqnoz — xüsusilə prostat xərçəngi şübhəsində — PSA, MRT və lazım gəldikdə biopsiya ilə dəqiqləşdirilir; bu barədə aşağıda ətraflı yazılıb.

Prostat xəstəliklərini üç qrupa ayırmaq olar: prostatın iltihabı (prostatit), prostatın xoşxassəli böyüməsi (xoşxassəli hiperplaziya, başqa sözlə adenoma) və prostat xərçəngi. Bu üç vəziyyət oxşar sidik şikayətləri verə bilər, lakin müalicəsi tamam fərqlidir.

Prostatit adətən konservativ yolla — dərmanla — müalicə olunur; irinli proses (abses) başlayarsa, əməliyyata ehtiyac ola bilər. Adenomanın müalicəsində ilk mərhələdə adətən dərmanlar tətbiq edilir; dərmanlar kömək etmirsə, endoskopik (məsələn, HOLEP) və ya açıq əməliyyat üsullarından istifadə edilir.

Prostat çanaqda dərində yerləşən orqandır; xərçəngi açıq, laparoskopik və robotik üsullarla əməliyyat oluna bilər. Hansı üsulun seçiləcəyi xəstəliyin mərhələsindən, xəstənin ümumi vəziyyətindən və mövcud texniki imkanlardan asılıdır — bu qərar fərdi müayinədən sonra verilir. Hər cərrahi müdaxilə kimi bu əməliyyatların da riskləri var; dərman müalicəsinin də yan təsirləri ola bilər və yalnız həkim təyinatı ilə aparılmalıdır.

50 yaşdan sonra kişilərin bir çoxunda bu əlamətlər görünməyə başlayır: sidik axınının zəifləməsi, sidiyin kəsik-kəsik gəlməsi, gecə vaxtı dəfələrlə oyanmaq, sidiyə başlamaqda çətinlik, sonda damcılama və sidik kisəsinin tam boşalmaması hissi.

Prostatın ölçüsü şikayətin şiddətini tək başına müəyyən etmir. Bu səbəbdən müalicə qərarı yalnız ölçüyə görə deyil, şikayətin dərəcəsinə, sidik axını göstəricilərinə və qalıq sidiyin miqdarına əsasən verilir.

Prostatit prostat vəzinin iltihabıdır. Hər yaşda kişidə rast gəlinə bilər və kəskin və ya xroniki formada keçir. İltihab nəticəsində prostat şişir və ağrılı olur; şişkinlik sidik kanalının prostatdan keçən hissəsini daraldır və sidiyə getməkdə çətinlik yaranır. Kəskin prostatitdə hərarət və halsızlıq ola bilər; ağır hallarda infeksiya qana yayılaraq sepsisə səbəb ola bilər.

Müalicə adətən kompleks aparılır: ağrıkəsici və iltihabəleyhinə dərmanlar, prostat və sidik kisəsi boynunu boşaldan alfa-blokerlər, uyğun antibiotiklər, lazım gəldikdə infuziya. Sidik ifrazı ciddi çətinləşdikdə qarınaltı nahiyədən sidik kisəsinə kateter qoyulması lazım ola bilər.

Əksər xəstələrdə şikayətlər bir neçə həftədən bir neçə aya qədər müddətdə yaxşılaşır; bəzilərində isə daha uzun çəkə bilər. Müalicə gecikərsə və ya düzgün aparılmazsa, prostatın daxilində irinləmə — abses — yarana bilər; belə halda cərrahi müdaxiləyə ehtiyac ola bilər.

Antibiotik və digər dərmanlar yalnız həkim təyinatı ilə qəbul edilməlidir; şikayət azalsa belə, kurs həkimlə razılaşdırılmadan dayandırılmamalıdır. Prostatit diaqnozu qoyulmazdan əvvəl oxşar şikayət verən adenoma və prostat xərçəngi nəzərə alınmalıdır.

Prostatitin müalicəsi heç vaxt cinsi zəifliyin müalicəsi sayılmır. Bunu anatomiya izah edir: potensiyaya cavabdeh sinirlər prostatın aşağı yan hissələrindən keçərək penisə doğru gedir. Prostatit isə prostatın daxilindəki iltihabdır və bu sinirlərə təsir etmir. Buna görə cinsi zəiflikdə başqa müayinə və müalicə üsullarına müraciət etmək lazımdır.

Cinsi zəifliyin səbəbi çox vaxt nevroloji olur, yəni sinir sistemi ilə bağlıdır; adi stress və əsəbilik də cinsi zəifliyə səbəb ola bilər. Həmin sinirlər, məsələn, prostat xərçəngində və ya irinləmə onlara təsir etdikdə prostat absesində zədələnə bilər və bu halda cinsi zəiflik yarana bilər. Lakin adi xroniki və ya kəskin prostatit buna səbəb olmur.

Belə hallarda penisə gedən və oradan qayıdan damarların müayinəsi də lazım ola bilər; yaş da burada önəmlidir. Bəzən bu vəziyyəti iki adi dərmanla müalicə etmək mümkün olur, lakin yanaşma hər zaman fərdi olmalıdır ki, yanlış diaqnoz yanlış müalicəyə səbəb olmasın.

Qısacası, cinsi zəiflik avtomatik olaraq prostatitə bağlanmamalı, səbəbi (damar, hormonal, nevroloji, dərman təsiri, psixogen amillər) ayrıca araşdırılmalıdır; istisna prostat xərçənginin və ya absesin sinirləri zədələdiyi hallardır. Xroniki çanaq ağrısı olan xəstələrdə cinsi funksiya pozula bilər; bu halda səbəb prostatın özündə deyil, yanaşı amillərdə axtarılmalı və ayrıca müayinə aparılmalıdır.

Adenoma prostatın xoşxassəli böyüməsidir və özünü sidik ifrazı ilə bağlı şikayətlərlə göstərir. Prostat xərçəngi isə erkən mərhələdə çox vaxt heç bir şikayət vermir — məhz buna görə müntəzəm yoxlanış həlledicidir.

Fərqləndirmə üçün barmaqla müayinə, PSA analizi və şübhə olduqda MRT-ultrasəs fuziya biopsiyası tətbiq olunur. Yalnız PSA-nın yüksək olması xərçəng demək deyil; iltihab, infeksiya və hətta müayinənin özü PSA-nı qaldıra bilər.

Müntəzəm yoxlanışın tezliyi və başlama yaşı fərdi risk amillərinə görə həkimlə birlikdə müəyyən edilir — bu, məcburi «hər il» qaydası deyil, birgə qərardır. Biopsiya da müdaxilədir; ehtiyacı və riskləri həkimlə müzakirə olunur.

Prostatın xoşxassəli böyüməsi — hiperplaziya və ya prostat adenoması da adlanır — ilə xərçəng arasında böyük fərq var. Hər ikisində eyni şikayətlər ola bilər: sidiyin zəif gəlməsi, gecə sidiyə qalxma, ləngimə və qalıq sidik hissi. Lakin prostat xərçəngini yalnız bu şikayətlərə əsasən aşkar etmək mümkün deyil — əlavə müayinə üsulları tətbiq olunmalıdır.

PSA (prostat spesifik antigen) qandan verilən analizdir. PSA-nın yüksək olması mütləq xərçəng demək deyil — səbəb iltihab da ola bilər. Barmaq müayinəsi çox əhəmiyyətli müayinədir: onun vasitəsilə prostatın konsistensiyası — sümük kimi bərkdir, yoxsa yumşaq — müəyyən edilir. Bəzən prostat bərk olsa da, PSA yüksək olmaya bilər.

Bu müayinələri multiparametrik prostat MRT-si tamamlayır. Onun nəticəsi PI-RADS şkalası üzrə 1-dən 5-ə qədər dərəcələrlə qiymətləndirilir; 3-dən yuxarı olduqda prostat xərçəngi şübhəsi yarana bilər. Əsas diaqnozu qoyan müayinə isə biopsiyadır. Bu üç müayinədən — barmaq müayinəsi, PSA və MRT — hamısında və ya yalnız birində şübhə yaranarsa, biopsiya aparılmalıdır.

Barmaq müayinəsi, MRT və PSA şübhə yaratmırsa, adenoma diaqnozu qoyulur və yalnız adenomanın müalicəsi aparılır. Diaqnoz erkən mərhələdə düzgün qoyularsa, bu, xəstəyə böyük fayda verə bilər.

PSA nəticəsini özbaşına şərh etməyin: iltihab, infeksiya və müayinənin özü də PSA-nı qaldıra bilər. Biopsiya qərarı və onun riskləri həkimlə birlikdə müzakirə edilir.

Cərrahi müalicə adətən dərman müalicəsi kifayət etmədikdə və ya ağırlaşmalar (təkrarlanan sidik ləngiməsi, təkrarlanan infeksiya, sidik kisəsində daş, böyrək funksiyasına təsir) olduqda düşünülür. Ən çox sidik kanalı vasitəsilə, kəsiksiz aparılan endoskopik üsullar tətbiq olunur.

Transuretral rezeksiyada (TUR-P) böyümüş toxuma elektrik ilgəyi ilə hissə-hissə kəsilir və əsasən orta ölçülü prostatlarda seçilir; lazer enukleasiyasında isə toxuma holmium (HOLEP) və ya tulium (ThuLEP) lazeri ilə kapsuldan ayrılaraq çıxarılır və bu üsullar böyük prostatlarda da tətbiq oluna bilir. Bəzi hallarda digər üsullar da mümkündür.

Üsulun seçimi prostatın ölçüsündən, sidik axını və qalıq sidik göstəricilərindən, qan durulaşdırıcı dərman qəbulundan və yanaşı xəstəliklərdən asılıdır. Hər üsulun riskləri var: qanaxma, infeksiya, müvəqqəti sidik saxlama çətinliyi və ya sidik qaçırma; toxum mayesinin geriyə axması (retroqrad eyakulyasiya) isə bu əməliyyatlardan sonra tez-tez rast gəlinir. Qərar müayinədən sonra fərdi verilir.

HOLEP böyümüş prostat toxumasının holmium lazeri ilə, kəsik açmadan, sidik kanalı vasitəsilə tam çıxarılması üsuludur. Böyük prostatlarda da tətbiq oluna bilir və çıxarılan toxuma histoloji müayinəyə göndərilir.

HOLEP-də toxumaya bıçaq və bənzər kəsici alətlərlə deyil, lazer enerjisi ilə müdaxilə edilir. Bu səbəbdən toxuma zədələnməsi az olur; klinik təcrübədə digər üsullarla müqayisədə əməliyyatdan sonra sidik qaçırma və sidiyə getmə problemi adətən az olur, qanaxma riski daha aşağı, təkrarlanma ehtimalı daha az və xəstəxanada qalma müddəti daha qısa ola bilər.

Bununla belə, HOLEP də cərrahi müdaxilədir: qanaxma, infeksiya və müvəqqəti sidik saxlama çətinliyi kimi ağırlaşmalar tam istisna edilmir. Üsulun konkret xəstəyə uyğun olub-olmaması müayinədən (sidik axını, qalıq sidik, prostatın ölçüsü, yanaşı xəstəliklər) sonra müəyyən edilir.

Lazer əməliyyatı sərtliyə adətən mənfi təsir göstərmir: lazerin təsir dərinliyi kiçikdir, ətraf sağlam toxumaya təsiri məhduddur və sərtliyə cavabdeh sinirlərin qorunması hədəflənir.

Bununla belə, heç bir cərrahi müdaxilə tamamilə risksiz deyil. Əməliyyatdan əvvəlki cinsi funksiya, yaş və yanaşı xəstəliklər nəticəyə təsir edə bilər; nəticə fərdidir və bu məsələ qəbul zamanı ayrıca müzakirə olunmalıdır.

Prostat xərçəngi zamanı prostatın tam çıxarılmasıdır; bəzi xəstələrdə regional limfa düyünləri də çıxarılır. Metastaz verməmiş xəstəliyi olan, yaşı və ümumi sağlamlıq vəziyyəti uyğun olan xəstələrdə tətbiq olunur. Eyni əməliyyat robot vasitəsilə də icra edilə bilər.

Robotik əməliyyat əslində laparoskopik üsullardan biridir. Fərq ondadır ki, robot instrumentlərlə insan əlinin hərəkətlərini təkrarlayır; adi laparoskopik instrumentlər isə bu hərəkətləri icra edə bilmir.

Prostat xərçəngi əməliyyatında prostat çıxarıldıqdan sonra sidik kisəsi ilə sidik kanalı arasında birləşmə — anastomoz — yaradılır; bunu laparoskopiya ilə icra etmək çox çətindir. Bundan başqa, sfinkter adlanan klapan mexanizmi öz yerində qalır və əməliyyatdan sonra xəstə normal sidiyə gedə, sidiyi saxlaya bilir. Digər hallarda isə bu klapan mexanizmi zədələnə bilər.

Klinik təcrübədə robotik əməliyyat zamanı toxumalar, orqanlar və damarlar daha aydın görünür və zədələnmə ehtimalı azalır; əməliyyatdan sonra ağrı az olur, xəstə erkən dövrdə evə yazıla bilir və reabilitasiya dövrü qısa keçir.

Robotik əməliyyatın bir mənfi cəhəti də var: instrumentlərin bədənə yeridilməsi və robotun instrumentlərlə birləşdirilməsi bir qədər vaxt aparır. Bəzi hallarda — məsələn, böyük törəmələrdə — robotdan istifadə etmək mümkün olmur, çünki robotik əməliyyat üçün müəyyən iş sahəsi mütləq lazımdır. Robotdan istifadə edilib-edilməməsi barədə qərarı hər bir halda cərrah özü verir.

Radikal prostatektomiya böyük əməliyyatdır: üsulundan asılı olmayaraq qanaxma, infeksiya, sidik saxlama çətinliyi və cinsi funksiyanın dəyişməsi mümkündür. Robotik üsul hər xəstə və hər klinika üçün əlçatan deyil; seçim mərhələ, ümumi vəziyyət və texniki imkanlara görə fərdi verilir.

Xeyr. Müalicə seçimi xərçəngin mərhələsindən və risk qrupundan (PSA, biopsiyanın nəticəsi, MRT və digər müayinələr), xəstənin yaşından, ümumi sağlamlığından və öz üstünlüklərindən asılıdır.

Aşağı riskli xəstəlikdə bir çox xəstəyə dərhal müalicə əvəzinə müntəzəm PSA, MRT və lazım gəldikdə təkrar biopsiya ilə aktiv izləmə təklif oluna bilər; yaşlı və ya ciddi yanaşı xəstəlikləri olan xəstələrdə bəzən yalnız müşahidə seçilir. Metastaz verməmiş xəstəlikdə radikal prostatektomiya (açıq, laparoskopik və ya robotik) və şüa terapiyası (bəzi hallarda hormon terapiyası ilə birlikdə) əsas seçimlərdir; yayılmış xəstəlikdə hormon terapiyası və digər dərman müalicələri tətbiq olunur.

Hər seçimin öz faydaları və yan təsirləri var — qərar mümkün olduqda uroloq, onkoloq və radioterapevtin birgə qiymətləndirməsi ilə, xəstənin özü ilə müzakirə edilərək verilir.

Müalicə başa çatdıqdan sonra həyat tərzi və müntəzəm nəzarət eyni dərəcədə vacibdir: həkimin təyin etdiyi qrafiklə müntəzəm müayinə, siqaretdən imtina, çəki balansının qorunması, həkimin məsləhəti əsasında pəhriz və fiziki fəaliyyət proqramı, təbii tərkibli qidalara üstünlük.

Bu addımlar ümumi sağlamlığa dəstək verir, nəzarət müayinələri isə xəstəliyin təkrarını və ya yeni bir dəyişikliyi erkən mərhələdə aşkar etməyə imkan yaradır. Nəzarətin tezliyi və məzmunu (məsələn, PSA-nın izlənməsi) müalicə edən həkim tərəfindən fərdi müəyyən edilir.

Həyat tərzi dəyişiklikləri riskin azaldılmasına kömək edə bilər, lakin nəzarət müayinələrini əvəz etmir.

Bunlar müalicə sayılmamalıdır. Aptekdə və ya internetdə reklam olunan əlavələri istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.

Sidik şikayətini belə əlavələrlə «keçirməyə» çalışmaq diaqnozu gecikdirə bilər — xüsusilə ona görə ki, prostat xərçəngi erkən mərhələdə çox vaxt şikayət vermir.

Son yenilənmə:

Risklər və məhdudiyyətlər

  • Bütün prostat əməliyyatlarında (HOLEP, laparoskopik və robotik prostatektomiya) qanaxma, infeksiya və anesteziya ilə bağlı ümumi cərrahi risklər mövcuddur.
  • Prostat əməliyyatlarından sonra sidik saxlama çətinliyi (sidik qaçırma) və cinsi funksiyada dəyişiklik mümkündür; ehtimal üsuldan, xəstəliyin mərhələsindən və xəstənin fərdi vəziyyətindən asılıdır.
  • Dərman müalicəsi (alfa-blokerlər, antibiotiklər, iltihabəleyhinə dərmanlar) yan təsir verə bilər və yalnız həkim təyinatı ilə aparılmalıdır; təyin olunmuş dərmanı həkimlə məsləhətləşmədən dayandırmayın.
  • PSA analizi tək başına diaqnoz qoymur: yüksək PSA xərçəng demək deyil, normal PSA isə xərçəngi tam istisna etmir. Biopsiya da müdaxilədir və qərarı həkimlə birlikdə verilir.
  • Heç bir müalicə üsulu hər xəstə üçün uyğun deyil: robotik üsul böyük törəmələrdə tətbiq oluna bilməyə bilər, HOLEP və dərman müalicəsinin seçimi isə şikayətin dərəcəsinə və müayinə nəticələrinə görə fərdidir.
  • Xroniki prostatitdə müalicə uzun sürə bilər və bir neçə kurs tələb edə bilər — sürətli nəticə gözləntisi hər zaman real olmur.

Təcili hallar — gözləmədən həkimə müraciət edin

  • Sidiyin tamamilə kəsilməsi — sidik kisəsi dolu olduğu halda sidiyə gedə bilməmək (kəskin sidik ləngiməsi).
  • Yüksək hərarət, titrətmə və halsızlıqla birlikdə sidik şikayətləri — kəskin prostatit sepsisə keçə bilər.
  • Aralıq nahiyəsində şiddətli ağrı və hərarət — prostat absesi şübhəsi.
  • Sidikdə laxtalı qan.
  • Prostat əməliyyatından sonra hərarətin qalxması, güclü qanaxma və ya sidiyin kəsilməsi.

Qəbula hazırlıq

  • Uroloji qəbula sidik kisəsi dolu — heç olmasa yarımçıq dolu — halda gəlmək xahiş olunur: sidik kisəsinin ultrasəs müayinəsi belə daha dəqiq olur.
  • Acqarına gəlmək əksər hallarda tələb olunmur.
  • Əvvəlki müayinə nəticələrini — PSA analizi, ultrasəs, MRT, reseptlər və qəbul etdiyiniz dərmanların siyahısını — özünüzlə gətirin.
  • Şikayətlərin nə vaxt və necə başladığını (kəskin, yoxsa aylardır davam edən) dəqiq deyə bilməyə hazır olun.
  • PSA analizi barmaq müayinəsindən və iltihabdan sonra yüksələ bilər — analizi nə vaxt verdiyinizi həkimə bildirin.

Birbaşa əlaqə

Fərdi diaqnoz və müalicə planı yalnız müayinədən sonra müəyyən edilir. Qəbul üçün telefon və ya WhatsApp ilə əlaqə saxlayın.

Birbaşa əlaqə Sual-cavab Məqalələr